CELTA (Certificate of English Language Teaching to Adults)

CELTA (Certificate of English Language Teaching to Adults)

CELTA dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tanınan müəllimlik kvalifikasiyasıdır. Bu kvalifikasiya Cambridge Assessment English təşkilatının bir məhsulu olduğu üçün yüksək keyfiyyətli və effektiv hesab olunur. Hər il dünyada 10.000-dən çox insan CELTA təlimini tamamlayaraq CELTA kvalifikasiyasına yiyələnir. 

CELTA kvalifikasiyanı əldə etmək üçün 5 əsas səbəb:

✔ CELTA bütün dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tələb olunan kvalifikasiyadır.

✔ Keçirildiyi ölkədən asılı olmayaraq hər bir CELTA təliminə Cambridge Assessment English tərəfindən nəzarət olunur.

✔ CELTA təlimçiləri yüksək kvalifikasiyalı və təcrübəli peşəkarlar arasından seçilir və sertifikasiya olunur.

✔ Bütün CELTA təlimləri rəsmiləşdirilmiş kurrikulum standardlarına əsasən təşkil olunur.

✔ CELTA təliminə real dərs mühitində tədris praktikası daxildir.

CELTA Təliminin Məzmunu

Təlimin məzmunu 5 əsas hissəyə ayrılır:

  • Müəllim və tələbə, tədris və öyrənmə konteksti
  • Dilin analizi və dil barəsində məlumatlılıq
  • Dil bilikləri: oxu, dinləmə, yazı və danışıq
  • Müxtəlif tədris kontekstləri üçün dərs planlama və mənbələr
  • Müəllimlik bacarıqlarını inkişaf etdirmək və peşəkarlığı artırmaq

CELTA nəyi öyrədir?

  • Sizi müxtəlif kontekstlərdə ingilis dilini öyrənən tələbələrin motivasiyası, dil öyrənmə prosesində müəllimin və tələbənin rolu barəsində məlumatlandırır
  • Sizə ingilis dilini öyrənən tələbələrə effektiv dərs keçmək üçün metodikanı təqdim edir
  • Sizə ingilis dilini öyrənən tələbələrə dərs keçmək üçün ilkin bacarıqları aşılayır.
  • Sizi dərs keçmək və qiymətləndirmək məqsədilə istifadə edə biləcəyiniz mənbələr və materiallarla tanış edir.
  • Sizə öz peşəkar sahənizdə gələcək inkişafınız üçün imkanlar yaradır

CELTA sertifikatı mənə iş tapmaqda kömək edəcəkmi?

Bütün dünyada təhsil sahəsində işə götürənlər arasında CELTA sertifikatı ən çox arzu olunan kvalifikasiyalardan biridir. 2015-ci ildə Cambridge Assessment English-in apardığı araşdırmalara əsasən, ingilis dilinin tədrisi ilə bağlı verilən iş elanlarının 70 faizində CELTA tələb olunur. Onlar dünyanın 56 ölkəsində 23 beynəlxalq iş axtarışı səhifələrində dərc olunan 500 elanı araşdırmış və bu elanların 350-də CELTA-nın qeyd olunduğunu aşkara çıxarmışlar. Həmçinin onu da qeyd etmək lazımdır ki, Birləşmiş Krallıqda işə götürənlərin 91 faizi onlarla çalışan müəllimlərdən CELTA-ya yiyələnməyi tələb edir.

CELTA təlimi necə qiymətləndirilir?

Təlim iştirakçıları təlim müddətində tədris praktikasına və yazılı tapşırıqlara əsasən qiymətləndirilir. Bundan başqa, treynerlər aşağıdakı digər önəmli məqamları da nəzərə alır:

  • Tədrisə məsuliyyətli və peşəkar yanaşma
  • Həvalə olunan dərslərin planlaşdırılması və keçirilməsi
  • Punktuallıq və tam şəkildə iştirak
  • Bildirilən rəylərə verilən əhəmiyyət
  • Ümumi proqres və nailiyyət