Xəbərlər

Peşəkar Təlim və İmtahan Mərkəzinin Azərbaycan Dillər Universitetində təqdimatı oldu.

Peşəkar Təlim və İmtahan Mərkəzinin Azərbaycan Dillər Universitetində təqdimatı oldu.

11.12.2019

11.12.2019-cu il tarixində PTİM nümayəndələri Azərbaycan Dillər Universitetinin qonağı oldu. Görüşdə PTİM direktoru Xalidə İsayeva, PTİM-in koordinatoru Aygün Məmmədli, IELTS və BUSINESS English təlimçisi Eric Kao, Azərbaycan Dillər Universitetinin Dil Mərkəzinin rəhbəri Salman Quliyev iştirak edirdilər.

Görüşün məqsədi ADU IV kurs tələbələrinə PTİM daxilində keçirilən Cambridge Assessment English-in təlim və imtahanları haqqında məlumat verməkdən ibarət idi.

Görüşü  Salman Quliyev açıq elan etdi. Daha sonra söz, PTİM koordinatoru Aygün xanıma ötürüldü. Aygün xanım PTİM ilə Cambridge Assessment English-in birgə təşkil etdiyi beynəlxalq təlimlər və imtahanlar haqqında təqdimat nitqi ilə çıxış etdi. Təqdimat nitqi Cambridge Assessment English-in Azərbaycandakı rəsmi yerli nümayəndəsi olan PTİM-in iki istiqamətdə gənc müəllimlərə davamlı inkişaf xəttini əhatə edirdi. Aygün xanım öz nitqində qeyd etdi ki, müəllimlər mərkəzin dəstəyi ilə həm dil biliklərinin beynəlxalq dərəcədə sübutü olan Kembric imtahanlarında iştirak edə, həm də beynəlxalq təcrübəyə və müasir tədris üsullarına hakim ola bilmək üçün beynəlxalq təlimlərə qoşula bilərlər. Davamlı peşəkar inkişaf və sertifikasiyalaşmaq istəyən gənc və eyni zamanda təcrübəli müəllimlərə mərkəz TKT, CELT-P, CELT-S və CELTA kimi təlimlərə qoşulmağı tövsiyə edir. Mərkəz Cambridge Assessment-in rəsmi yerli nümayəndəsi kimi bu təlim və imtahanların keçirilməsini təşkil edir.

Daha sonra söz Xalidə xanım İsayevaya verildi. Xalidə xanım tələbələrin universitetdə əldə etdikləri nəzəri biliklərin əhəmiyyətli rol oynadığını, lakin bu nəzəriyyənin praktika və metodikaya yiyələnmədən tam olmadığını bildirdi. O qeyd etdi ki, məhz Cambridge Assessment English-in təlimləri müəllimlərə və müəllim olmaq istəyən gənclərə bu vərdişləri aşılayacaqdır.

Sonda Xalidə xanım mərkəz adından ADU rəhbərliyinə yaratdıqları şəraitə görə və müəllimliyə dəyər verib onu özlərinə peşə seçən tələbələrə təşəkkürünü bildirdi.